Hüseyn Cavidin ev muzeyi haqqında
Hüseyn Cavidin zəngin və parlaq yaradıcılığı, qeyri-adi istedadı və nakam taleyi həmişə böyük maraq doğurub. Bəlkə də Azərbaycan ədəbiyyatında xüsusi tədqiqata, geniş təbliğə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci bir yazıçı yoxdur. Bununla bağlı professor Yaşar Qarayevin fikrini yada salmaq yerinə düşər: «Bu gün belə obyektiv aynada, tarixi və elmi həqiqət güzgüsündə yenidən görünməyə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci böyük ədəbi simamız bəlkə də yoxdur». Göstəriləndən belə nəticə çıxarmaq olar ki, Hüseyn Cavidin ev muzeyinin açılmasına və onun yaradıcılığının geniş təbliğinə çox böyük ehtiyac olub. 21 iyul 1981-ci ildə Azərbaycan KP MK-nın «Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında» qəbul etdiyi qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, Bakı şəhərinin İstiqlaliyyət (keçmiş Kommunist) küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə lövhəsinin vurulması göstərilirdi. Bu qərar əsasında Mədəniyyət Nazirliyninin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən adı çəkilən binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılmışdı. Lakin bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşamadığı otaqlar idi. Yeganə üstünlük onda idi ki, Hüseyn Cavid vaxtı ilə bu otaqlarda dərs demişdi. Əlyazmalar institutunun o zamankı rəhbərliyi səhv olaraq belə fikirləşirdi ki, bina instituta məxsus olduğu üçün, Hüseyn Cavidin vaxtı ilə yaşadığı və əsərlərini yaratdığı otaqlarda muzey yerləşə bilməz. Ancaq zaman göstərdi ki, Hüseyn Cavidin ev muzeyi başqa otaqlarda deyil, məhz onun və ailəsinin yaşadığı və ölməz əsərlərini yaratdığı otaqlarda yerləşməlidir. Binada isə, əslində hansı idarənin və ya institutun yerləşməsinin heç bir əhəmiyyəti yoxdur.
Davamını oxu>>>
|
|
|
|