Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi

Cavidin ömrü

      Əsasən şairin bioqrafiyasını və sənət taleyini əks etdirən Cavidin ömrü otağı sırf xatirə mahiyyətlidir. Ona görə də tərtibat nöqteyi-nəzərindən tam müasir görümlü dəhlizdən fərqli olaraq buranın tərtibatında 20-30-cu illərin ovqatı bütün qabarıqlığı ilə sezilməkdədir.

Aparıcı mətn:

1920-Cİ İLDƏ O ZAMANLAR «DARÜLMÜƏLLİMİN» ADLANAN BAKI MÜƏLLİMLƏR SEMİNARİYASI İŞƏ BAŞLAYANDA MÜƏLLİMLƏRLƏ TƏLƏBƏLƏR BİR AİLƏ KİMİ YAXIN OLSUNLAR DEYƏ ONLARIN NEÇƏSİNƏ BU BİNADA VƏ HƏYƏTDƏ MƏNZİLLƏR VERDİLƏR. PƏNAH QASIMOV, HÜSEYN CAVİD, CAMO CƏBRAYILBƏYLİ, ZAHİD ŞIXMƏMMƏDOV, ŞƏFİQƏ ƏFƏNDİZADƏ… QONŞU OLDULAR YALNIZ CAVİDLƏR AİLƏSİ, HƏTTA BU BİNA MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİ KİMİ MÜHÜM DÖVLƏT İDARƏSİNƏ ÇEVRİLƏNDƏN SONRA DA – 1937- Cİ İLƏDƏK BURADA YAŞADI. … ƏSƏRLƏRİNİ YAZARKƏN HEY O BAŞ - BU BAŞA VAR - GƏL EDƏN CAVİDİN DÖŞƏMƏDƏ BİR YOL KİMİ AYDIN SEÇİLƏN İZİ QALIBMIŞ. HƏMİN İZ TARİXƏ KÖÇDÜ.

* * *

Bu otaqda verilən fotolar maksimal dərəcədə orijinal fotolardır və burada Cavidə, onun ailə üzvlərinə məxsus əşyalar, ev avadanlığı yer almaqdadır. Qapıdan girərkən sol əldəki divarda rəssam Oqtay Sadıqzadənin yağlı boya ilə çəkdiyi Mişkinaz Cavidin portreti asılıb. Bu rəsmdəki Mişkinaz xanım gəncdir. (Əsər Mişkinaz Cavidin 1922-1925-ci illərdəki fotoları və Cavidlə dostluq etmiş, bu evə daimi gedib-gələnlərdən olmuş Seyid Hüseynin oğlu Oqtay Sadıqzadənin şəxsi müşahidələri əsasında 1992 – ci ildə çəkilmişdir). Portretin altında elə həmin divardaca Mişkinaz Cavidin gündəliklərindən onun öz xətti ilə olan (böyüdülmüş) parça: Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən isə onun oxucusu ola bilməzdim. Çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı...

Mişkinaz Cavid

Aparıcı mətn:

Mişkinaz Cavid bu evin sahibəsi idi. 1920-ci ildən burada yaşadılar. Əslən elə Cavidin ata-babaları kimi Naxçıvanın Remeşin kəndindən olan bu sadə el qızı böyük şairin əsil könül hayanı idi. O, Cavidə yalnız sədaqətli, dəyanətli bir həyat yoldaşı deyil, həm də dost, müsahib, sirdaş ola bildi. Cavid ona əlifba öyrətdi, savad verdi. Mişkinaz, Hüseyn Cavidin yüzlərlə tələbəsindən biri idi. Caviddən aldığı o savadla Mişkinaz çox illər sonra şairin unudulmuş əsərlərini yazıya köçürtdü, onun haqqında ən doğruçu xatirələri qələmə aldı. Bu otağın sol divarında Cavidlərin 1920-36- ci illər arasında çəkilmiş fotoları nümayiş olunur.

Aparıcı mətn:

Cavidin «Bahar Şəbnəmləri», «Maral», «Şeyx Sənan», «Ana», «Keçmiş günlər», «Şeyda» əsərləri nəşr edilir. Əsrin ikinci onilliyi artıq Cavidin Azərbaycan ədəbi mühitində özünü asta-asta tam təsdiq etdiyi mərhələdir. 1918-ci ildə Cavid ailə həyatı qurur. Özü oktyabrın 24-də anadan olmuş şairin oğlu Ərtoğrol 1919-cu, qızı Turan 1923-cü ilin oktyabrında dünyaya gəlirlər. Cavid yaradıcılığı Azərbaycan teatrının səhnəsində getdikcə möhkəm yer tutmağa, şəriksiz birincilik qazanmağa başlayır. Bu otağın sol divarında A.Hüseynovun Cavidin uşaqlıq dövrünü əks etdirən iki qrafik rəsimi nümayiş olunur. Yuxarıda «H.Cavid M.T.Sidqinin məktəbində» (1990-92), aşağıda «Cavidin uşaqlığı» (1990-92)

Aparıcı mətn:

Hüseyn Molla Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanın Şahtaxtı kəndinidə dünyaya göz açdı. İlk təhsilini mollaxanada alan, 5 il ərzində ilahiyyatı, fars, ərəb dillərini öyrənən Hüseyn , 14 yaşında ikən XIX yüzilin görkəmli maarifçilərindən olan Məhəmmədtağı Sidqinin təşkil etdiyi “Məktəbi-tərbiyə”yə daxil olur. 1898-ci ildə isə burada təhsilini başa vurduqdan sonra Təbrizə gedərək oradakı “Talibiyyə” mədrəsəsində oxuyur. Yaradıcılığa erkən başlayan Hüseyn ilk şerlərini «Gülçin», «Arif», «Salik» təxəllüsü ilə qələmə alır. Təbrizdə ikən o dövrün «Nasiri», «Sürəyya», «Şərqi-Rus» qəzetlərini ardıcıl mütaliə edir. Farsca şerlər yazır. Rus dilini yaxşı öyrənmək üçün çalışır. Əsrin əvvəllərində artıq qəzetlərə məktublar, məqalələr göndərməyə başlayır. Rəflərdə nümayiş olunan kitablar Ərtoğrol Cavidə məxsusdur. Birinci rəfdə görünən fotoşəkil H.Cavidin böyük qardaşı Şeyx Məhəmmədin oğlu Tahir Rasizadənindir.

Aparıcı mətn:

1937-ci il iyunun 4-də H.Cavidin həbsindən sonra «xalq düşməninin» ailəsi adı altında damğalanmış bu ailə ilə qohumlar, dostlar yaxınlıq etməyə ehtiyat edirdilər. Tahir Rasizadə onlarla daima əlaqə saxlayıb, Ə.Cavidə mənəvi dayaq olmuşdur. T.Rasizadə ixtisasca aqronom olsa da, yaradıcılıqla da məşğul olmuş, şerlər, pyeslər… yazmışdır. T.Rasizadə 1942-ci ildə Böyük Vətən Müharibəsində həlak olub. Divardakı növbəti fotolar 1922-24- cü illər arasında çəkilmişdir. Mərkəzdəki büst Mişkinaz xanımındır (müəllif Ö.Eldarov. 1992). Büstün yuxarı hissəsində «Azər» poemasından misralar yazılıb: «Bənim ən sevgili, eşsiz tanrım Gözəlim həp sənsin.»

Aparıcı mətn:

Türkiyədə təhsilini başa vurub vətənə qayıtdıqdan sonra Cavid bir müddət daimi iş yeri axtarmaqla məşğul olur və bu arada dövrün əsas mətbuat orqanlarından olan ”Həqiqət”də, “Tazə xəbər”də müxtəlif məqalələri, “İşıq”, “İqbal”, “Məktəb”də şerləri işıq üzü görür. Cavid bir müddət Gəncədə Məhəmməd ağa Pişnamazzadənin mədrəsəsində dərs deyir. Maraqlı fotolardan biri H.Cavidin 1912-ci ildə Gəncədə Pişnamazzadənin məktəbində dərs deyərkən çəkilmiş və o məktəbin ilk buraxılışının vinetkasına daxil edilmiş şəklidir. Növbəti guşədə Seyfəddin və Firuddin Məmmədvəliyevlərin qoz ağacından oyma üsulu ilə yaratdıqları suvenir nümayiş etdirilir. Üzərində ərəb əlifbası ilə H.Cavidin adı və əsərlərindən götürülmüş aforizmlər yazılmışdır. Suvenirdən yuxarıda Cavidin fotoşəkilləri yer alıb.

Cavidin bizə məlum olan ilk fotoşəkli. İstanbul 1907 – ci il.
Cavidin fotoşəkli. Naxçıvan. 1912 – ci il.
Cavidin fotoşəkli. Tiflis 1911 – ci il.
Cavid əsər üzərində işləyərkən. Bakı 1923.
Cavid ailəsi ilə istirahətdə Borjom 1927.
Vaxtilə elə burada olmuş qapısı şüşəli şkaf.

Bu şkafın içərisində Cavidə və Mişkinaz xanıma məxsus olmuş bir sıra əşyalar düzülmüşdür. Diqqəti çəkən bu eksponatlar arsında Mişkinaz xanımın iki üzüyü, əl işləri - toxumalar, Hüseyn Cavidə məxsus əşyalar - cib dəftərləri, eynək qabı və s. vardır. ŞKAFIN YANINDAKI BU TİKİŞ MAŞINI AĞIR İLLLƏRDƏ ONLARIN DADINA ÇATDI. MİŞKİNAZ XANIM 1938-Cİ İLİN APRELİNDƏ «KLARA SETKİN» ADINA SƏNAYE KOOPERATİV ŞİRKƏTİNƏ İŞƏ DÜZƏLMİŞDİ VƏ EHTİYAC VADAR ETDİ Kİ, FASİLƏLƏRLƏ TA 1948-Cİ İLƏ QƏDƏR TİKİŞ ARTELİNDƏ ÇALIŞSIN. ARTEL İŞƏMUZD QAYDADA QƏBUL ETDİYİ QADINLARA BACARACAQLARI QƏDƏR SİFARİŞ VERİRDİ. ƏN ADİ İŞ ÜÇÜN QAPILAR «XALQ DÜŞMƏNLƏRİ»NİN ÜZÜNƏ BAĞLI OLDUĞUNDAN BÜTÜN ƏZİYYƏTLƏRİNƏ BAXMAYARAQ, ARTEL GÖYDƏNDÜŞMƏ ÇÖRƏK AĞACI İDİ. Bu guşədə həmçinin M. Cavidin rəfiqəsi - İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanımla çəkdirdiyi fotoşəkil asılmışdır. «Cavidin faciəsi» otağının giriş qapısının sağ tərəfində H Cavidin portreti asılıb.

Aparıcı mətn:

BU PORTRETİNİ CAVİD ÖZÜ DƏ GÖRMÜŞDÜ. AZƏRBAYCAN DEMOKRATİK CÜMHURİYYƏTİ DÖVRÜNDƏ VƏ SOVET HAKİMİYYƏTİNİN İLK İLLƏRİNDƏ BAKI ŞƏHƏRİNİN BAŞ MEMARI OLMUŞ ZİVƏRBƏY ƏHMƏDBƏYOV (1873-1925) ƏSƏRİNİ ŞAİRƏ 1922-Cİ İLDƏ HƏDİYYƏ EDİB.YENİ QURULUŞUN AZƏRBYCANA ZİDD SİYASƏTLƏRİNƏ DÖZMƏYƏRƏK ÖZ HƏYATINI YARIMÇIQ QIRMIŞ İSTEDADLI RƏSSAM VƏ MEMAR Z.ƏHMƏDBƏYOV CAVİDİN İKİ PORTRETİNİ İŞLƏMİŞDİ. BUNLAR ŞAİRİ BİLAVASİTƏ MÜŞAHİDƏ NƏTİCƏSİNDƏ YARANMIŞ MÜSTƏSNA RƏSMLƏRDİR.

Etajerin rəfində ailəyə məxsus «Pioner» markalı radio nümayiş etdirilir.

İki pəncərə arasındakı sahədə mərkəzdə Cavidin böyük qardaşı Şeyx Məhəmmədin və ilk müəllimi olan M.T.Sidqinin fotoşəkilləri asılıb.

Aparıcı mətn:

Özü də müəllim olan Cavid dərs aldığı insanların hamısını daim ən dərin ehtiramla xatırlasa da, iki ad onun üçün xüsusən əziz idi. İlk müəllimləri-böyük qardaşı Şeyx Məhəmməd və «Məktəbi-tərbiyyə»dəki ustadı Məhəmməd Tağı Sidqi.

Fotoşəkillərin ətrafında Cavidə məxsus sənədlər nümayiş etdirilir:

1.1912-ci ildə Zaqafqaziya Ruhani İdarəsi tərəfindən verilmiş ruhani rütbəsi haqqında attestat.
2. 1911-ci ildə yaşadığı yer haqqında vəsiqə
3. 1926-cı ildə Berlinə və Parisə ezamiyyət vərəqəsi
4. 1926-ci ildə Azərbaycanda və SSRİ-nin ərazisində yaşamaq hüququ haqqında şəhadətnamə
5. İstanbul Universiteti ədəbiyyat fakültəsinin tələbəsi H.Cavidin şəxsiyyət vərəqəsi
6. Cavid gecəsinin döş nişanı. Bakı 1922. 27 mart 1922-ci ildə Bakıdakı 2-ci dərəcəli 3,4 və 7-ci Azərbaycan məktəblərinin keçirdiyi H.Cavid gecəsinin məramnaməsi.

H.Cavidin «Peyğəmbər» əsərinin 1922, 1926 - cı il nəşrləri nümayiş olunur. Bu otağın giriş qapısından sağda A.Kərimovanın «Alın yazısı» adlı əsəri təqdim olunur (2001-ci il, texnika-qələmkar).

Aparıcı mətn:

Fəlsəfi məna daşıyan bu əsərdə fonda H.Cavidin obrazı canlandırılmışdır. Bu, şairin ümumbəşəri mahiyyət daşımasına bir işarədir. Mərkəzdə Mişkinaz xanım, Ərtoğrol və Turanın 1936 – cı il yaşlarına uyğun obrazları verilmişdir. Ön planda isə Turan Cavidin müasir yaş dövründə olan təsviri əks olunub. Bu özü də simvolik məna kəsb edir. Çünki Cavid irsinin yaşaması və gələcək nəsillərə çatdırılmasında onun xidmətləri əvəzsizdir. Otağın ortasında bir zamanlar bu otaqda istifadə olunmuş yemək masası nümayiş etdirilir.

Aparıcı mətn:

BU OTAQDAKI MASANIN ARXASINDA MEHRİBAN AİLƏ HƏR GÜN SƏHƏR YEMƏYİNƏ, NAHARA, ŞAMA ƏYLƏŞƏRDİ. SÜFRƏNİN ALTINDA QALDIĞINDAN MASANIN GÖZLƏRİ İSTİFADƏ EDİLMİRDİ VƏ CAVİD MÜXTƏLİF QARALAMALARINI KİP-KİP O SİYİRTMƏLƏRƏ DOLDURURMUŞ. 1937-NİN 4 İYUN GECƏSİNDƏ AXTARIŞ APARANLARIN SÜFRƏNİN ALTINDA SİYİRTMƏ OLA BİLƏCƏYİ AĞILLARINA GƏLMƏYİB VƏ XOŞBƏXT TƏSADÜF NƏTİCƏSİNDƏ CAVİD ƏLYAZMALARININ BİR QİSMİ BELƏCƏ XİLAS OLUB.

© 2006-2008 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil seçin