Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi

Ekspozisiya

Muzeyin ekspozisiyası dörd otaqda yerləşmişdir.
“Cavidin yaradıcılığı”-I otaq
“Cavidin ömrü”-II otaq
“Cavidin faciəsi”-III otaq
“Cavidin şöhrəti”-Soldakı zal

Girişi İstiqlaliyyət küçəsi tərəfindən - Əlyazmalar İnstitutu ilə eyni qapıdan olan Cavidin ev muzeyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən üç muzeydən biridir. Muzeyin yerləşdiyi bina tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və himayəsilə memar İ.V.Qoslavskinin layihəsi əsasında 1898-1901-ci illərdə tikilmiş və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuşdur. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir. 1920-30-cu illərdə burada Darülmüəllimin (pedaqoji məktəb), 1930-cu ildən sonra Mərkəzi İcraiyyə Komitəsi, daha sonra Respublika Ali Sovetinin Rəyasət heyəti, hazırda isə MEA Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Əlyazmalar İnstitutunun ikinci mərtəbəsindən Cavid muzeyinin fərdi giriş qapısı var və Cavidin ev muzeyinin burada yerləşməsi haqqında məlumat verən lövhə orada vurulmuşdur: «Böyük şair və mütəfəkkir Hüseyn Cavidin Vətənə qayıdışı və yaşadığı mənzildə ev muzeyinin açılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü, cəsarəti və ardıcıl sə`yləri ilə gerçəkləşmişdir.» Hüseyn Cavidin ev muzeyinin yaradılması haqqında 604 saylı ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci ildə qəbul edilmişdir. Respublika Mədəniyyət Nazirliyinin 16 aprel 1991-ci il 74 saylı qərarı ilə muzey üçün Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın birinci mərtəbəsində 5 otaq ayrılmışdır. Nəhayət, Respublika Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə H.Cavidin ev-muzeyi həmin binanın 3-cü mərtəbəsində, yerləşən və şairin 1920-ci ildən 4 iyun 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzilə köçürülmüşdür. H.Cavidin ev-muzeyinin açılışı 2002-ci il oktyabr ayının 24-də şairin 120 –ci doğum günündə olmuşdur. Muzeyin girəcəyində heykəltəraş Ömər Eldarovun yaratdığı və əsli Hüseyn Cavid prospektində Milli Elmlər Akademiyasının əsas binası ilə üzbəüz bağda ucalan tuncdan tökülmüş “Cavid abidəsi”nin gipsdən olan kiçik variantı qoyulmuşdur (1993). 175 sm. hündürlüyü və 75 sm. eni olan abidə 60 sm. hündürlüklü möhkəm taxta təməl üzərində qoyulub və bürünc rənglidir. Heykəlin arxasındakı divarda Hüseyn Cavidin yaradıcılığının qayəsini təşkil edən və bu xatirə muzeyinə gələn hər bir həmvətənimizə ünvanlanmış misraları yazılıb:

Arxadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər... dəyişdi zaman.
Çox əzildin yetər, ər oğlu ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
... İdealsız nicat ümidi məhal…
“İttihad!” İştə ən böyük ideal.
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik.
... Çalış, parla, yüksəl! Unutma ancaq,
Yaşamaq bir haqsa, yaşatmaq da haq!
(«Azər» poemasından)

Abidənin qoyulduğu hissə ilə üzbəüz boş divarda eni 123 sm. hündürlüyü 83 santimetr olan yağlı boya ilə çəkilmiş Triptix asılıb. (müəllif O.Sadıqzadə.1997) “Cavid dünyası” adlanan bu triptix aşağıdakı məzmundadır: Triptixin orta hissəsində qəhrəmanı Şeyx Sənan kimi ilahi aləmə qovuşan, buludlara çəkilən Cavidin surəti təsvir olunub. Triptixin sağ və sol hissələrində Cavid qəhrəmanları fırçaya alınıblar.Bu qəhrəmanlar qalereyası Cavidin ədəbi dünyasının miqyaslarını bir neçə cəhətdən əks etdirmişdir. Belə ki, bu triptixdə Cavid obrazlarının geniş coğrafiyası, bu surətlərin ən müxtəlif millətləri təmsil etməsi, həmin şəxsiyyətlərin ümumdünya və ümumbəşəri tarixi kontekstdəki mühümlüyü öz əksini tapmışdır. Sol qanadda –«Peyğəmbər», «Topal Teymur», «Maral», «Ana», «Şeyda». Sağ qanadda –«İblis», «Şeyx Sənan», «Uçurum», «Səyavuş», «Afət», «Xəyyam» pyeslərindən qəhrəmanlar əks olunub. Nur haləsinə bürünmüş bu insan Peyğəmbərdir. Şəxsiyyətcə dahi, milliyyətcə ərəb-ərəb aləmi. Orta çağ Şərq ədəbiyyatında Turan –türk dünyasının rəmzi sayılan Seyavuş. Cavidin demokratik ruhlu gəncliyin təmsilçisi kimi təsvir etdiyi şahzadə. Bu qəhrəmanın milli və coğrafi ünvanı- türk elləri. XII yüzilin böyük şairi, rübai ustadı, astronomu, riyaziyyatçısı, filosofu…Ömər Xəyyam Nişaburi. Orta əsrlərin türk aləmi və ümumilikdə o dövr dünyasının böyük sərkərdəsi Teymurləng. Şeyx Sənanı gözəlliyi ilə ovsunlamış gürcü qızı Xumar. Xəyyamın sevgilisi Sevda, dağıstanlı Səlma, osmanlı qızı Afət…bu kimi qəhrəmanlar göz önündə canlanıb. Tablonun aşağı hissəsində H.Cavidin «Dün və bu gün», «İştə bir divanədən bir xatirə», «Ey ruhi- pürsükun!» şerlərindən misralar yazılmışdır:

«Hər qaranlıqda çırpınır bir nur
Hər həqiqətdə bir xəyal uyuyur»
«Hər kəsin ruhində bir xaliq gülər
Öylə bir xaliq ki, xəlq etmiş bəşər.»
«Hər levhə bir həqiqəti söylər təranədir.
Hər kölgə, hissi oqşayacaq bir bəhanədir.»

Tablonun sol tərəfindəki divarda "Cavid planeti" adlı lövhə asılıb. (A.Kərimova). Lövhənin aşağısında verilmiş mətndən aydın olur ki, Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi 6262 saylı kiçik planetə Beynəlxalq Astronomiya İttifaqı 20 iyun 1997 ci ildə böyük Azərbaycan şairi və dramaturqu H.Cavidin adını vermişdir. Stendin üzərində H.Cavidin «Peyğəmbər» əsərindən götürülmüş bir misra yazılmışdır:

Yerə enməm də səma şairiyim…


© 2006-2008 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil seçin